Aprelin biriymiş, aprelin biri…

01.04.2025 Müəllif: ziyali.ocaqi Şərh yoxdur

Bəxtiyar Vahabzadə

Mən uşaq olanda aprelin biri,
Yaman aldadardıq yol ötənləri.
Yolun ortasına qoyardıq nəsə,
Yolçu əyiləndə ipi çəkərdik,
Qəşş edib gülərdik verib səs-səsə,
Yolçunu aldada bilməyimizdən,
Sevinər, zövq alar, ləzzət çəkərdik.

O vaxt nə biləydim, aldanmaq ağır,
Aldatmaq insanın öz zatındadır,
O vaxt nə biləydim, haqdan keçməzin,
Payına dilini bağlamaq düşür.
O vaxt nə biləydim, aldanan kəsin
Halına gülmək yox, ağlamaq düşür.

Böyüdüm, yoluma kötük atdılar,
Mənim özümü də çox aldatdılar.
Ayıra bilmədim əyridən düzü,
Gördüm, həqiqətin yolu dar imiş.
Demə, ikiüzlü dünyanın özü,
Aldatmaq üstündə bərqərar imiş.
Ayların, illərin bütün günləri,
Aprelin biriymiş, aprelin biri…

1 baxış

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.